Azərbaycan musiqisinin, eləcə də digər xalq musiqiləri arasında ən çox işlənən və ən çox sevilən musiqi növü mahnıdır. Yəqin ki, mahnıların yaşı insanın, bəşər övladının yaşı ilə eynidir. Mahnının insanın danışmağa başlamasından əvvəl yaranması şübhə doğurmamalıdır: bu, sözsüz mahnılar,melodiyalar dövrü idi. Dilin, danışığın, sözün yaranmasından sonra isə sözlü mahnı, yəni şeiri musiqi ilə ifa etməkdən yaranan söz-musiqi vəhdəti yarandı. Bu mahnıların müəllifləri həssas və istedadlı insanlar idilər.
Musiqi alətləri meydana çıxdıqdan sonra mahnı üç ölçüyə malik oldu – səs, söz və çalğı (müşayiət). Bu dövrdə mahnı müəllifləri yamüğənnilər, yaçalğıçılar, ya da bu məclislərin istedadlı, musiqi duyumlu iştirakçıları arasından çıxırdı. Mahnılar ifa oluna-oluna cilalanır, yadda qalır, sevilir, nəsildən nəsilə yol gedirdi.
Azərbaycan xalq mahnıları adlanan mahnıların müəllifi sözsüz ki "xalq" deyildi, bu mahnını ilk dəfə meydana çıxaran konkret adamlar idi. Lakin o dövrdə musiqinin kodlaşdırılması, nota alınması olmadığı üçün, səsyazma sistemi olmadığı üçün bu mahnı müəlliflərinin adı unudulur və populyarlaşan bu manhılar "xalq mahnısı" olurdular.
Orta əsrlərdəAvropada musiqinin not yazısı ilə kodlaşdırılması, yəni çağdaş musiqi not sisteminin yaradılması musiqinin bütün növlərinin, o cümlədən mahnıların nəsildən nəsilə ötürülməsi məsələsini həll etdi.Fizikanın inkişafı nəticəsində alim və ixtiraçılar havaya göstərilən təzyiqin periodikliyi ilə musiqili səsin arasındakı əlaqəni müəyyən edə bildilər.Harmonik analiz belə yarandı.Edison tərəfindən səsin yazıya alınması və bu yazının yenidən səsləndirilməsi musiqinin inkişafında həlledici addım oldu. 19-cu əsrin axırlarından başlayaraq artıq mahnılarıvallara yazmaq vəpatefonlarda oxutmaq mümkün oldu.
Mahnılar yenə də qədim zamanlarda olduğu kimi müğənnilər, çalğıçılar, müəyyən musiqi təhsili almış insanlar,aşıqlar və ya sadəcə güclü musiqi duyumu, istedadı olan şəxslər tərəfindən bəstələnir. Yüksək peşəkar musiqi təhsili görmüşbəstəkarlar mahnı janrına da müraciət etmişlər. Lakin onların bir qismi daha çox simfonik musiqi meyilli olmuş, digər qismi isə daha çox mahnı yazmağa meyil göstəmişlər.Səid Rüstəmov,Tofiq Quliyev,Emin Sabitoğlu kimi bəstəkarlar xalq arasında məhz bir silsilə gözəl mahnılar müəllifi kimi şöhrətlənmişlər.
Konservatoriyaya daxil olubbəstəkarlıq sinfini bitirmək hələ gözəl mahnı müəllifi olmağa təminat vermir. Konservatoriya təhsili olmaq əlbəttə ki, üstünlükdür. Lakin mahnı, melodiya insanın daxilində təbii olaraq yaranır və zümzümə ilə meydana çıxır. Sonra onunfortepianoda və ya digər musiqi alətlərində,ansambl və yaorkestrdə ifası hazırlanılır. Mahnı bəstələmək şeir yazmaq kimidir, şair olmaq üçün ədəbiyyat fakültəsi bitirmək qəti zəruri deyil.Bəstəkarlıq ixtisası üzrə təhsil almış insanların bir qismi mahnı yaza bilir, digər qismi isə bəstəkarlıq sinfi bitirməyən, amma gözəl mahnı bəstələyən şəxslərin mahnılarının musiqi tərtibatını verir, "aranjirovka" edirlər.