Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Fətəli xan (Quba xanı)

Vikipediya, azad ensiklopediya
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax:Fətəli xan.
Bu səhifədə iş davam etməkdədir.
Müdaxilə etməyə tələsməyin!
  • Əgər kömək etmək istəyirsinizsə, ya da səhifə yarımçıq qalıbsa, səhifəni yaradan istifadəçi ilə əlaqə qura bilərsiniz.
  • Səhifənintarixçəsində səhifə üzərində işləmiş istifadəçilərin adlarını görə bilərsiniz.
  • Redaktələrinizi mənbə və istinadlarla əsaslandırmağı unutmayın.
Bu məqalə sonuncu dəfə 30 saat əvvəl가웨인(müzakirə |töhfələr) tərəfindənredaktə olunub.(Yenilə)
Fətəli Xan
Fətəli xan Hüseynəli xan oğlu
"Qubalı Fətəli xanın portreti" 1945-ci il, rəssam Səttar Bəhlulzadə, Azərbaycan Milli İncəsənət Muzeyi
"Qubalı Fətəli xanın portreti" 1945-ci il, rəssamSəttar Bəhlulzadə,Azərbaycan Milli İncəsənət Muzeyi
1758 –mart 1789
ƏvvəlkiHüseynəli xan
SonrakıƏhməd xan
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriQuba,Quba xanlığı
Vəfat tarixi (Y.T.),2 aprel1789 (Y.Təq.)(52–53 yaşında)
Vəfat yeriBakı,[4]Bakı xanlığı
Vəfat səbəbizəhərlənmə
Dəfn yeriBibiheybət məscidi,[5]Bakı
AtasıHüseynəli xan
AnasıPəricahan Bikə
Həyat yoldaşlarıTuti Bikə
Gülpəri
Səhərnas
Bəyim xanım
Güldəstə
Uşaqlarıoğlanları:
3 (Əhməd xan,Şeyxəli xanHəsən xan)
qızları:
4 (Pəricahan xanım daxil olmaqla)
DiniŞiə[1][2][3],İslam

Fətəli xan və yaFəth Əli xan (tam adı:Fətəli xan Hüseynəli xan oğlu;1736,Quba şəhəri29 mart1789,Bakı şəhəri) — XVIII əsrdə yaşamış görkəmli azərbaycanlı dövlət xadimi və hərbi sərkərdə[6],Quba xanlığının VI xanı (1758–1789). Onun hakimiyyəti dövründə Quba xanlığı siyasi və hərbi güc baxımından bölgənin ən qüdrətli xanlıqlarından birinə çevrilmişdir.

Mənşəyi

[redaktə |vikimətni redaktə et]

Fətəli xan 1736-ci ildəQuba şəhərində,Quba xanıHüseynəli xanQaytaq usmisi "Böyük" usmi Əhməd xanın qızı Pəricahan Bikənin ailəsində anadan olmuşdur.[7]İsgəndər bəy Hacınskinin bildirdiyinə görə, “o, heç bir xüsusi tərbiyə almayaraq, gəncliyini digər xanların oğulları kimi – avaraçılıqla keçirmişdir. Hətta bir dəfə etdiyi bir şıltaqlığa görə atası onu cəzalandırmaq istəmiş, lakin o, atasının qəzəbi səngiyənədək gizlənmişdir.”[8]

Fətəli xan etnik baxımdan azərbaycanlı, mənşəcə isə Qaytaq türklərindən idi. Həmçinin o, nəsil etibariləQacar sülaləsi ilə də bağlı olmuşdur. Onun ata tərəfinin mənsub olduğuQaytaq usmiləri nəsli,II Şah Abbasın dövründə baş verən hadisələrdə rol oynamışdır.Abbasqulu ağa BakıxanovunGülüstani-İrəm əsərində bildirilir ki, bu nəslin nümayəndələri iki əsas qola -Məcalis və Yengikənd qollarına bölünürdü. Usmi titulu bu qollar arasında yaşlılıq prinsipinə əsasən növbə ilə ötürülürdü. Lakin sonralar, təxminən 1640-cı illərin birinci yarısında, bu qollar arasında düşmənçilik yaranmış, Yengikənd qoluMəcalis qoluna hücum etmiş və yalnız azyaşlı Hüseyn xan Ayda bəyin köməyi ilə xilas olunmuş, sonralarİsfahana köçmüşdür. Bu müddətdə o,Qacar nəslindən olan bir zadəgan qızla ailə qurmuş və bu izdivacdanHüseynəli xanın babası olanƏhməd xan doğulmuşdur. Məhz bu səbəbdənQacar şahıAğaməhəmməd Qubaya yürüşü zamanı, həmçinin məktublaşmaları zamanında Şeyxəli xanı öz qohumu adlandırırdı.Abbasqulu ağa Bakıxanovun məlumatına görə, Hüseyn xan İranda yaşadığı müddətdəşiəliyi qəbul etmişdir. Bu dini etiqad sonradan Quba xanlarının sülaləsində davam etdirilmişdir.[9]

Beləliklə,Şah Süleyman Səfəvidən əhəmiyyətli hərbi yardım alan Hüseyn xan 1688-1689-cu illərdə tərk etdiyi taxt-tacı ələ keçirmək üçün Qaytaqa yürüş etdi və irsi usmi mülkü olan Başlı kəndini tutdu, həmin illərdəQaytaq usmisi oldu. Amma orada möhkəmlənə bilmədi və bir illik müddətdən sonra təxminən 1690-cı ildəQubaya qayıtdı və orada vəfat etdi. XVII əsrin sonlarına doğru Hüseyn xanın oğluƏhməd xan, Qaytaq və Qubadakı tərəfdarlarının dəstəyi ilə bölgədə nüfuz qazandı və 1706–1711-ci illərdəQaytaq usmisi kimi fəaliyyət göstərdi. Lakin sonradan Yengikənd usmilərinin nümayəndəsi olan "Böyük" usmi Əhməd xan hərbi qüvvə toplayaraq Başlını və Qaytaqın bir hissəsini ələ keçirdi. NəticədəQubalı Əhməd xanMəcalisə çəkilməyə məcbur oldu və 1711-ci ildə orada vəfat etdi.Əhməd xanın ölümündən sonra hakimiyyətə onun azyaşlı oğluSultanəhməd xan keçdi. Onun hakimiyyəti əsasənQuba şəhəri ilə məhdudlaşırdı. Lakin o, uzun müddət yaşamadı. 1718-ci ildəSultanəhməd xan və onun ailə üzvləriMüşkürlüHacı Davud tərəfindən edam edildi. Bu hadisədən yalnız onun azyaşlı oğlu, Fətəli xanın atasıHüseynəli xan xilas edilə bildi. Onu tərəfdarlarıSamurun yuxarı axarında yerləşən dağ kəndiTahircara apararaq qorudular.[9][3]

Anası Pəricahan BikəQaytaq usmilərinin hökmdarı olmuş "Böyük" usmi Əhməd xanın qızı idi. Beləliklə, Fətəli xan ana xətti ilə Qaytaqın nüfuzlu feodal ailələrindən birinə mənsub idi. Ana tərəfdən Fətəli xan digər Qaytaq hökmdarları ilə də qohum idi.Qaytaq usmiləri Ustar xan vəƏmir Həmzə onun həm dayısı oğlu, həm də qayını sayılırdı. Çünki, Fətəli xanın həyat yoldaşıTuti Bikə Ustar xan vəƏmir Həmzənin bacısı idi. Bundan başqa,Tuti Bikənin bacısı oğluAvar nutsalıÜmmə xan onun dayısı nəvəsi olmuşdur. Bu geniş ailə əlaqələri Fətəli xanın Dağıstan feodalları ilə siyasi münasibətlərində mühüm rol oynamışdır.

Hakimiyyəti

[redaktə |vikimətni redaktə et]

İlk illəri

[redaktə |vikimətni redaktə et]

1758-ci ildə atası vəfat etdi və iyirmi üç yaşlı Fətəli xan hakimiyyətə gəldi. Bu hadisədən istifadə edənŞamaxı xanıMəhəmmədsəid xanın qardaşı Ağa Razi bəy sərhəddə olan QubanınBərmək mahalına hücum etdi və 200-ə yaxın ailəniŞirvana köçürtdü.Hacınski yazır: "Atasının dəfni ilə məşğul olan Fətəli xan bu hadisədən atasının vəfatının yeddinci günü xəbər tutdu. O xanlıq taxtına çıxma mərasimini yüngülcə keçirib, qubalılardan mümkün olan qədər qoşun toplayaraq Şirvana hərəkət etdi." Tərəflər arasında toqquşma baş verdi. Döyüş zamanı qarşıdurmanın əsas səbəbkarı olan Ağa Rəzi bəy həlak oldu,Məhəmmədsəid xan isə tam məğlubiyyətə uğradı.[10]

Birləşdirmə siyasəti

[redaktə |vikimətni redaktə et]

Fətəli xanın əsas məqsədlərindən biri Azərbaycan xanlıqlarını öz hakimiyyəti altında birləşdirmək idi.

Dərbəndin fəthi

[redaktə |vikimətni redaktə et]

1760-cı ildə Dərbənd əhalisininMəhəmmədhüseyn xanın zülmündən narazılığından istifadə edən Fətəli xan şəhəri ələ keçirdi. Həmin illərdə (1769-cu ildə) Qafqaza səyahət etmiş akademikQmelin igid sərkərdə Fətəli xanın xalq arasında böyük ehtirama layiq olduğu haqqında iftixarla yazır:"Dərbənd əhalisi onu sevirdi. Şamaxı təəbələri Fətəli xandan razı idilər. Bakı əhalisi, onun vergi, toplamaqla kifayətlənməyib, Bakıya sahib olmasını istəyirdi. Fətəli xan Azərbaycanı birləşdirməyə 1759-cu ildə Dərbənddən başlamışdı. Dərbəndlilər öz xanlarının zəif təbiətindən narazı idilər. Onlar gizlicə Fətəli xanla əlaqə saxladılar. Fətəli xan da onlara yardım edərək Dərbəndi aldı".[11]

Bakının birləşdirilməsi

[redaktə |vikimətni redaktə et]

Fətəli xan Bakını hərbi yolla deyil, diplomatik yolla, nikah diplomatiyasından istifadə edərək tabe etdi. O, bacısıXədicə Bikəni 1767-ci ildə Bakı xanıMəlik Məhəmmədxana ərə verdi. Xədicə Bikə ağıllı və nüfuzlu bir qadın olaraq, qardaşının məsləhəti ilə Bakı xanlığının idarəçiliyində mühüm rol oynamış,Məlik Məhəmməd xanın yoxluğunda xanlıq işlərini yerinə yetirmiş və faktiki olaraq Bakını idarə etmişdir.[12]

Şirvanın birləşdirilməsi

[redaktə |vikimətni redaktə et]

Şirvan xanlığı strateji cəhətdən əhəmiyyətli idi. Fətəli xan bir neçə dəfə Şamaxıya yürüş etdi.Şəki xanıHüseyn xanla müttəfiqlik edərək 1768-ci ildəŞamaxını ələ keçirdi.Şirvan xanlığının ərazisi Fətəli xan vəHüseyn xan arasında bölüşdürüldü. Sonradan Fətəli xan Şamaxıda Sərkərlər sülaləsinin hakimiyyətinə tamamilə son qoydu vəYeni Şamaxının əhalisini Köhnə Şamaxıya köçürdü.[13]

1785-ci ildə Quba xanı Fətəli xanŞəki xanıMəhəmmədhəsən xana və keçmişŞamaxı hakimiAğası xana qarşı hərbi yürüş təşkil etdi. Döyüş nəticəsindəAğası xan təslim oldu, Şəki xanı isə Fətəli xanla sülh bağlamağa məcbur qaldı. Ağası xan və iki oğlu əvvəlcə Qubaya gətirildi, daha sonra isə Bakıya göndərildi. Fətəli xan bu hadisədən sonraMəhəmmədsəid xan adlı keçmiş Şirvan xanını da özünə tabe etməyə çalışdı və onun iki oğluyla birlikdə Salyana göndərilməsinə nail oldu. Beləliklə, Şamaxı xan nəslindən olan sərkərların siyasi nüfuzu zəiflədildi, və Fətəli xan bölgədəki gücünü daha da möhkəmləndirdi. Bu hərbi və siyasi əməliyyatlar nəticəsindəŞəki xanlığı faktiki olaraq Fətəli xanın təsir dairəsinə keçmişdir.[14]

Muğan və Lənkəranın birləşdirilməsi

[redaktə |vikimətni redaktə et]

1768-ci ildə,KürArazın qovuşduğu yerdə yerləşənCavad xanlığı da könüllü olaraq Fətəli xanın hakimiyyətini qəbul etdi. Bu,Muğan torpaqları üzərində də Quba xanlığının nəzarətini təmin etdi.[15]

1785-ci ildə Fətəli xanLənkəran xanıQara xanla ittifaq yaratmış, sonra isə onu özündən asılı vəziyyətə salmışdı. Bu səbəbdən dəQara xan Fətəli xanın yürüşlərində, o cümlədənQarabağGilan xanlıqlarına qarşı yürüşlərdə iştirak etmişdi.Talış xanlığı ilə münasibətlərin kəskinləşdiyi vaxtlar da olurdu. General P. Potyomkin 1786-cı il iyunun 25-də qraf A. İ. Voronsova yazırdı ki, "hal-hazırda Fətəli xanKür çayından cənubdadır, o, Talış xanlarının qoşunlarını darmadağın etmişdir."[16]

Qarabağa yürüşləri

[redaktə |vikimətni redaktə et]

1783-cü ilin əvvəlindəQuba xanı Fətəli xanQarabağa genişmiqyaslı hərbi yürüş təşkil etmişdir. Onun düşərgəsiAğdam yaxınlığında yerləşmişdi. Fətəli xanın ətrafındaŞamaxıdanMəhəmmədsəid xanAğası xan,ŞəkidənHacı Əbdülqadir xan,MuğandanHəsən xan,Tərki şamxalı Murtuza Əli, Buynak, Qaytaq, Əndəri və Tavlin hakimləri də daxil olmaqla, bir çox müttəfiq və vassal hakimin qoşunları cəmləşmişdi. Yalnız muzdlu döyüşçülərin sayı 13 min nəfərə çatırdı. Fətəli xanın qoşunlarıŞuşa ətrafındakı kəndlərə nəzarəti ələ keçirmişdi.Qarabağ xanıİbrahimxəlil xan bu gücə qarşı dura bilməyəcəyini anlayaraqŞuşaya çəkilmiş və hadisələrin gedişatını gözləmişdir.

Qarabağda aparılan hərbi əməliyyatlar nəticəsində Fətəli xan Ağdam və digər düzən əraziləri nəzarətə götürdü. Lakin yürüşlər zamanı yerli xanlıqların və Rusiyanın təzyiqləri onun bu bölgədə uzunmüddətli hökmranlıq planlarına mane oldu.

1784-cü ildə, Qarabağa yürüşü zamanı Fətəli xan həmçinin Kartli-Kaxetiya çarlığı və onun rus himayədarı II İraklinin Qafqazda nüfuzunu zəiflətməyə çalışırdı. Gürcü taxtına iddialı Aleksandr Amilaxvarini himayəsinə götürməsi, Rusiya komandanlığının narahatlığına səbəb oldu. Bu səbəbdən Rusiya rəhbərliyi onun fəaliyyətinə qarşı tədbirlər gördü və Fətəli xan Qarabağdan geri çəkilməyə məcbur oldu.

Gilana yürüş və Ərdəbilin fəthi

[redaktə |vikimətni redaktə et]

1768-ci ilin payızında şimal-şərqi Azərbaycanda olub vəziyyəti öyrənmiş rus zabiti Adil Çerkasski yazırdı:"Fətəli xan qoşun toplayır və topladıqdan sonra dərhalKürün o biri sahilinə – oradakı İran şəhərlərini tutmağa gedəcəkdir, sonra isə gücləndiyi təqdirdə Kərim xanla mübarizə aparmaq, ona qalib gəlmək niyyətindədir".[17] Konsul Boqolyubov 1770-ci ilin iyununda Rusiya Xarici İşlər Kollesiyasına yazırdı ki,"Quba xanı Qarabağ xanlığının iqamətgahını tutmaq niyyətindədir, onu alandan sonra isəTəbriz şəhərinə, artıq vəkilin mülklərinə getmək istəyir".[17]

1770-ci illərə yaxın Quba xanlığının qüdrəti və nüfuzu o qədər yüksəldi ki, bir çox zəif feodal hakimlər-xanlar İran dövlətinin qurbanı olacağından ehtiyat edərək, havadarlıq üçün Fətəli xana müraciət edirdilər. Qızlar şəhərinin komendantı Potapovun tapşırığı ilə Fətəli xanın yanında olmuş Tarki sakini Bulat xəbər vermişdir ki, o, DərbənddəFətəli xanın sarayındaGilan,Ərdəbil,Təbriz,Gəncə xanlıqlarının hədiyyələrlə gəlmiş nümayəndələrini görmüşdü. Onlar öz hakimləri adından Fətəli xandan himayədarlıq xahiş etmişdilər.[18]

1778-ci ildə Gilan hakimi Hidayətullah xanCavad şəhərini mühasirəyə alaraq ələ keçirdi, şəhərini tamamilə dağıdıb, Cavad şəhərinin və yaxınlıqdakı Salyanın əhalisinin bir hissəsiniRəştəƏnzəliyə köçürüldü. Bu hadisədən xəbər tutan Fətəli xan Gilana yürüş etmək istədi. Lakin Cənubi Dağıstan feodalları tərəfindən müdafiə olunan Qaraqaytaq usmisi xəbərdarlıq etdi ki, əgər Fətəli xan Hidayətullah xana qarşı hərbi yürüş etsə, onlar Dərbəndə hücum edəcəklər.

1781-ci ilin yayındaAğa Məhəmmədxanın ordusuGilan xanlığını fəth etdi və onun hakimi Hidayətulla xan qaçaraq Fətəli xana sığındı. Fətəli xanMirzə bəy Bayatın başçılığı ilə Gilana 9 min nəfərlik ordu göndərdi. Bu orduAğa Məhəmmədxan Qacarın qüvvələrini Gilandən çıxararaq Hidayət xanın hakimiyyətini bərpa etdi və Qacar ordusunu geri çəkilməyə məcbur etdi. Həştərxan qubernatoru Jukovun 12/23 aprel 1782-ci il tarixli raportundan aydın olur ki, həmin ilin yanvarın 2-də Gilanlı Hidayətullah xan, Quba xanı Fətəli xanın və müttəfiqlərinin ona verdiyi 6 min nəfərlik ordu ilə Gilana daxil olaraq burada yenidən öz hakimiyyətini bərpa etmişdir.[19] Hidayətullah xanın 1786-cı ildə vəfatından sonra isə Fətəli xan Gilan üzərində nəzarəti saxlamaq məqsədiləAğa Məhəmmədxanın rəqibi olan onun qardaşıMurtuzaqulu xanı dəstəkləmişdir. Fətəli xan ona hərbi dəstək göstərmiş və lənkəranlı qüvvələrin iştirakı iləMurtuzaqulu xanın 1787-ci ilin dekabrında Gilan üzərində nəzarəti ələ keçirməsinə şərait yaratmışdır. Qeyd olunmalıdır ki,Ağa Məhəmməd xanın güclənməsini istəməyən Rusiya da bu prosesdə dolayı yollaMurtuzaqulu xanı dəstəkləyirdi.[20]

Qarabağdan sonra Fətəli xan Cənubi Azərbaycana – Ərdəbil və Gilan istiqamətində yürüşə hazırlaşırdı. Əsas məqsədlərindən biri, Gilan hakimi Hidayət xanı devirmək və əvəzində ona yaxın şəxsi hakimiyyətə gətirmək idi. Bu gedişat Ağa Məhəmməd xan Qacarın regiondakı təsirinə qarşı tədbir kimi qiymətləndirilə bilər.

1784-cü ilin yazında Fətəli xan əhəmiyyətli bir ordu toplayaraqAraz çayını keçmiş və həmin ilin avqustunda ölkənin cənubunda böyüklüyünə görəTəbrizdən sonra ikinci böyük şəhər olanƏrdəbili və həmçininNəminMeşkin şəhərlərini ələ keçirmişdi. O,Ərdəbil hakimiNəzərəli xanı şəhərdən qovmuş və onun yerinəCavad xanıHəsən xanı vali təyin etmişdi.Meşkinə isə Xudaverdi bəyin başçılığı ilə yeni idarəçilik qurmuşdu. Hadisə haqqında yazan tanınmış rus QafqazşünasıButkov qeyd edir ki, Fətəli xanın ordusuƏrdəbilə daxil olduqdan sonra, rus general-poruçiki Potyomkin ondan öz qoşununu buraxmağı tələb etmişdi. Eyni dövrdə Dağıstan feodallarının fəallaşması və digər siyasi təzyiqlər nəticəsində Fətəli xan, 1785-ci ilin fevralındaŞirvana geri çəkilməyə məcbur olmuşdu.[21]

Gəncə xanlığı ilə münasibətləri

[redaktə |vikimətni redaktə et]

1784-cü ildə Fətəli xan Cənubi Azərbaycana yürüşü öncəsində bölgədə siyasi və hərbi mövqeyini möhkəmləndirməyə çalışdı. Bu mərhələdə o, keçmiş rəqibiİbrahimxəlil xanla münasibətləri normallaşdırdı. Qarabağ xanının qardaşıMehrəli bəy, xanlığa iddia edənlərdən biri kimi, Fətəli xanın tərəfində idi. Lakin o, Fətəli xanın düşərgəsinə gedərkənAğası xanın oğlu Əhməd bəy tərəfindən öldürüldü. Fətəli xan onun nəşini ehtiramla Qarabağa göndərdi. Bu hadisə Quba ilə Qarabağ xanlıqları arasındakı münaqişəyə son qoydu.

İbrahimxəlil xan öz hərbi qüvvələrini Fətəli xanın sərəncamına verdi. Təhlükəsizliyini təmin etdikdən sonra Fətəli xanAğası xan üzərinə yürüş etdi.Ağası xan təslim olaraq Qubaya göndərildi,Şəki xanıMəhəmmədhəsən xan isə geri çəkildi. Barışıq əldə etmək üçün Fətəli xanla ailə bağları quruldu: Məhəmmədhəsən xan bacısını Fətəli xana ərə verdi, Fətəli xan isə öz bacısı Fatimə xanımı ona ərə verdi. Şəki xanı eyni zamanda keçmiş Şirvan xanlarının ailə üzvlərini də Fətəli xana təhvil verməyə razı oldu.

1785-ci ildə Fətəli xanınQarabağ xanlığı üzərində nüfuzunu artırması,ŞəkiŞirvan xanlıqlarının ona tabe olması və bölgədəki hərbi-siyasi üstünlüyü nəticəsindəCavad xan da bu hadisələr fonunda öz müstəqilliyini qorumağın mümkünsüzlüyünü anlayaraq Fətəli xanın vassallığını qəbul etmişdir.[22] Fətəli xan Azərbaycanın şimal və qərb bölgələrində mövqeyini möhkəmləndirdikdən sonra Cənubi Azərbaycana təsirini yaymağa çalışdı.

Dağıstan feodalları ilə mübarizə

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Gavduşan döyüşü

Qarqaytaq usmisi və digər Dağıstan hakimlərinin basqınları Quba xanlığının iqtisadi inkişafına mane olurdu. Usmi Əmir Həmzə və müttəfiqləri Quba və Dərbəndi müdafiəyə məcbur edirdilər. Bu səbəbdən Fətəli xan əvvəlcə Quba və Dərbəndin təhlükəsizliyini möhkəmləndirməyə çalışdı.[23] O, şamxalla ittifaq quraraq Qazıqumuq xanını devirməyi və yerinə Eldar bəyi gətirməyi planlaşdırdı. Əgər bu baş tutsaydı, xan Təbrizə yürüş etməyi düşünürdü.[24] Eyni zamanda müttəfiqlərlə birlikdə Qaytaqa hücum edib Əmir Həmzəni uzaqlaşdırmaq və oraya qardaşı Ustar xanı hakim təyin etmək qərarına gəldilər.[25] Quba xanlığının sürətli genişlənməsi qonşu feodal hakimlərini narahat edirdi. Bu, bölgədə iki əsas blokun yaranmasına gətirib çıxardı: bir tərəfdə Şəki və Qarabağ xanları, digər tərəfdə isə Cənubi Dağıstan feodalları birləşmişdi. Kartli-Kaxetiya çarı II İrakli də Fətəli xanın Azərbaycan torpaqlarını birləşdirmə siyasətinə qarşı çıxaraq Qarabağ və Şəki xanlarını dəstəkləyirdi.[26] Fətəli xan rəqiblərinə qarşı müxtəlif ittifaqlar yaratmağa çalışsa da, həm xarici təzyiqlər, həm də daxili çətinliklər (xüsusilə Şamaxıda sülalə bərpa cəhdləri) Quba xanlığının mövqeyini zəiflətdi. 1771–1772-ci illərdə vəziyyət Quba xanlığının zərərinə dəyişdi və Fətəli xan müdafiəyə keçməyə məcbur oldu. Hətta Quba xanlığının hakimiyyət dairələri rus konsulundan vasitəçilik edərək Qarabağ və Şəki ittifaqının qarşısını almağa çalışdılar.[27]

Nəhayət, 1774-cü ilin əvvəlində Şamaxı şəhəriİbrahimxəlil xan,Məhəmməd nutsalAğası xanın müttəfiq qoşunları tərəfindən zəbt edildi, lakin Fətəli xan Şamaxı ətrafında yeni qüvvələr toplayaraq əks-hücuma keçdi və müttəfiqlər üzərində qələbə qazandı. Döyüş zamanıAvar hakimiMəhəmməd nutsal həlak oldu. Bu hadisə Fətəli xanın bölgədə mövqeyini gücləndirsə də, Dağıstan feodallarının ona qarşı yeni koalisiya yaratmasına səbəb oldu.[28]

Eyni ilin ortalarındaQaytaq usmisiƏmir Həmzə,Qazıqumuqlu Məhəmməd xan, avarlıÜmmə xan və digər Dağıstan feodalları geniş ittifaq yaradaraq Quba xanlığına qarşı hücuma keçdilər. Əsas məqsəd, Avar xanının ölümünün intiqamını almaq və Fətəli xanın gücünü zəiflətmək idi. Həlledici qarşıdurmaXudat yaxınlığında, Gavduşan düzündə baş verdi. Döyüşün əvvəlində üstünlük Fətəli xanın tərəfində olsa da, usmi Əli bəyin hücumu nəticəsində döyüşün axarı dəyişdi və Fətəli xan məğlub olaraqSalyana çəkilməyə məcbur qaldı.[29]

Qələbədən sonraƏmir HəmzəDərbəndə yürüş etdi və şəhəri mühasirəyə aldı. Fətəli xanın həyat yoldaşıTuti BikəDərbənd qalasının müdafiəsini öz üzərinə götürdü. O, qalanı cəsarətlə müdafiə etmiş, mühasirəyə doqquz ay davam gətirmişdi. Fətəli xanSalyandanRusiya imperiyasına elçi göndərərək yardım istədi. Bu müraciətə cavab olaraq imperatriçəII Yekaterina Qafqaz xəttinin komandanı general De-MedeməƏmir Həmzəyə qarşı hərbi əməliyyatlar aparmaq göstərişi verdi. 1775-ci ilin yazında De-Medem Tərki şamxalı ilə birlikdə Dağıstana yürüş etdi vəƏmir Həmzənin qüvvələrini məğlub etdi. Nəticədə Dərbəndin mühasirəsi dayandırıldı. Fətəli xan De-Medemə Dərbəndin Rusiya himayəsinə qəbul edilməsini təklif etdi və rus hərbi qüvvələri şəhərə daxil oldu.[30] 1775-ci ilin mayında Fətəli xan mayor Kridnerin rəhbərlik etdiyi rus birləşməsi ilə birlikdə Qaytaqa vəTabasarana yürüş etdi. Başlıkənd yaxınlığındaƏmir Həmzə onların qarşısını almağa çalışsa da, artilleriya atəşi nəticəsində ağır itkilərlə geri çəkildi. Fətəli xan həmçininQazıqumuq xanı Məhəmmədin də qoşunlarını məğlub etmiş vəKürə xanlığını ələ keçirmişdi.

1775-ci ilin sentyabrında Rusiya imperatriçəsiII Yekaterina general Potyomkinə əmr göndərərək, Dərbəndin açarlarının Quba xanına qaytarılmasını və Fətəli xanın bu ərazilərdəki hakimiyyətinin bərpa edilməsini tapşırdı. Beləliklə, həmin ilin sonunda rus qoşunları Dağıstandan çıxarıldı.

Osmanlılarla münasibətləri

[redaktə |vikimətni redaktə et]

1768-ci ildəRusiya iləOsmanlıimperiyası arasındamüharibə başlayanda, Osmanlı dövləti Fətəli xanı öz tərəfinə çəkməyə cəhd etsə də, bu səylər uğursuz oldu. Osmanlılar Dərbəndə - Quba xanının yanına öz elçilərini göndərərək, Fətəli xanı silahlanmağa və Rusiyaya qarşı çıxmağa razı salmağa çalışdılar.Krım xanıKrım Gərayın elçiləri də Fətəli xana müraciət edərək onu Osmanlı tərəfinə keçməyə və Rusiyaya qarşı çıxmağa çağırıblar. Osmanlı elçiləri bu çağırışla bağlı Dağıstan hakimlərinə də müraciət etmiş, onlar isə bildiriblər ki, Fətəli xan olmadan heç bir qərar qəbul edə bilməzlər. Fətəli xan bu məsələyə münasibət bildirərək divan qarşısında çıxış etmiş və qeyd etmişdi ki, sultan müsəlman həmrəyliyi əsasında kömək istəyir, lakin Osmanlı uzaq, Rusiya isə yaxındır; bu səbəbdən məsələni ciddi düşünərək cavab vermək lazımdır. Fətəli xan daha sonra Dərbənddən Qubaya qayıtmış və orada Osmanlı elçilərini yenidən qəbul etmişdi. Lakin xan tərəfindən onlara hansı cavabın verildiyi barədə dəqiq məlumat yoxdur.

1771-ci ilin yanvarında Osmanlı sultanının elçisi Fətəli xanın yanına gələrək ona məktub təqdim etmişdi. Məktubda sultan dini birliyi əsas gətirərək, Fətəli xandan Rusiyaya qarşı aparılan müharibədə Osmanlıya dəstək verməsini xahiş edirdi. Fətəli xan isə yaxın ətrafına bildirmişdi ki, o, Rusiya–Osmanlı müharibəsinə qarışmaq niyyətində deyil. Buna baxmayaraq, xan Osmanlı elçisini nəzakətlə yola salmışdı.

Fətəli xanın dövründə Quba xanlığının artan nüfuzundan həm Rusiya, həm də Osmanlı imperiyaları istifadə etməyə çalışırdı. Sovet tarixşünaslığında dövrün ideoloji tələblərinə uyğun olaraq Fətəli xanın xarici siyasəti əsasən birtərəfli şəkildə təqdim edilmiş, Rusiya-Türkiyə müharibələri (1768–1774; 1787–1791) kontekstində Quba xanlığının mövqeyi daha çox “Rusiyaya meyilli” kimi qiymətləndirilmişdir. Lakin dövrün müvafiq arxiv və mənbələrinin təhlili göstərir ki, Quba xanlığı hər iki imperiya arasında çevik şəkildə manevr edərək öz müstəqil xarici siyasətini həyata keçirmişdir.[31]

Hakimiyyətinin sonu və varisliyi

[redaktə |vikimətni redaktə et]

1780-ci illərdə Cənubi Qafqazda siyasi güc balansı dəyişməkdə idi. 1783-cü ildəKartli-Kaxetiya çarıII İrakli Rusiya iləGeorgiyevsk traktatını imzaladı, bununla da Şərqi Gürcüstan Rusiyanın himayəsinə keçdi. Bu hadisə bölgədə İran və Osmanlı təsirini zəiflətdi. Eyni dövrdə İrandaAğa Məhəmməd xan Qacarın yüksəlişi və Rusiya–Osmanlı münasibətlərinin gərginləşməsi yeni ittifaqların formalaşmasına şərait yaratdı. 1787-ci ildəQuba xanlığı iləKartli-Kaxetiya çarlığı arasında ittifaq bağlandı. Bu ittifaq həm Rusiyanın bölgədəki maraqlarına uyğun gəlirdi, həm də Fətəli xanın Qarabağ və Cənubi Azərbaycan üzərində təsirini artırmaq istəyinə xidmət edirdi. Bu dövrdə Fətəli xanın hakimiyyəti Dərbənd, Şirvan və Muğan ərazilərini, habelə Bakı, Şəki, Lənkəran xanlıqları və cənubi Dağıstan bölgələrini əhatə edirdi. Onun nüfuzuGilanTəbrizə qədər uzanırdı. Bu diplomatik mübadilə nəticəsində II İrakli yalnız arxa cəbhəsini möhkəmləndirməklə kifayətlənmədi, həm də Gəncə xanlığını nəzarətdə saxlayan Qarabağ xanlığına qarşı müttəfiq qazandı. 1788-ci ilin dekabrında, artıq Fətəli xan və onun vassalıMəhəmmədhəsən xanla ittifaq quranII İrakli Gəncənin ətraf ərazilərini ələ keçirdi. 1789-cu ilin əvvəlində isə gürcü qoşunları Gəncə xanıCavad xanı məğlub etdi.

1789-cu ilin yanvarında Fətəli xan vəMəhəmmədhəsən xanII İrakli ilə Gəncə xanlığının ərazisində,Şəmkir çayının sol sahilində görüşdülər. GörüşdəCavad xan da iştirak edirdi. Tərəflər Qarabağ xanlığına qarşı birgə hərbi əməliyyatlar planı hazırladılar və nüfuz dairələrini bölüşdürdülər: İrakli Cənubi Qafqazda, Fətəli isə İran Azərbaycanında hakimiyyətini genişləndirməli idi. Abbasqulu ağa Bakıxanovun yazdığına görə, müttəfiqlər həmçinin Ağa Məhəmməd xan Qacarın yüksələn təhdidinə qarşı Rusiyanın himayəsi altında birgə mübarizə aparmaq barədə razılığa gəlmişdilər.Cavad xanGəncə qalasının açarlarını xana təqdim etmiş, Fətəli xan isə öz növbəsindəII İrakliyəŞəmşəddil bölgəsiniGəncə xanlığına qaytarmağa razı salmışdı.

Görüşdən dərhal sonra Fətəli xan səhhətindəki problemlərə görə Bakıya – bacısının yanına yollandı və 1789-cu il aprelin 2-də (köhnə təqvimlə 22 martda) orada vəfat etdi. 30 may tarixində general Tekeli knyaz Potyomkinə göndərdiyi raportda xanın yaxın ətrafının onun ölümünü bir müddət gizli saxladığını, bununla da taxtın varisinə -Əhməd xana keçməsini təmin etmək istədiklərini bildirmişdi.

İdarəetmə üslubu və keçirdiyi islahatlar

[redaktə |vikimətni redaktə et]

Daxili siyasət

[redaktə |vikimətni redaktə et]

Fətəli xanQuba xanlığını gücləndirmək və Azərbaycanın parçalanmış torpaqlarını birləşdirmək məqsədilə bir sıra islahatlar həyata keçirmişdir.

Fətəli xan, vergi yığımında mövcud olan sui-istifadələrin qarşısını almaq üçün müəyyən tədbirlər görmüşdür. Mahal naiblərinin vergi toplama səlahiyyətləri ləğv edilərək, vergilərin kəndxudalar tərəfindən birbaşa xan xəzinəsinə və ya dövlət anbarlarına çatdırılması sistemi tətbiq olunmuşdur. Bu addım, vergi yükünün daha ədalətli bölüşdürülməsinə və mərkəzi nəzarətin güclənməsinə xidmət etmişdir.

Əhalinin sayını artırmaq və strateji bölgələri möhkəmləndirmək məqsədilə Fətəli xan Azərbaycanın cənubundan və Dərbənd bölgəsindən əhali köçürmələri təşkil etmişdir. Bu siyasət xüsusilə sərhəd bölgələrində xanlığın təsirinin artırılmasına yönəlmişdir.

Fətəli xan hərbi gücün artırılmasına xüsusi diqqət yetirmişdir. O,Muğan düzündə yaşayanŞahsevən tayfalarının bir hissəsiniQuba xanlığının ərazisinə köçürmüş və bu tayfalardan hərbi qüvvə kimi istifadə etmişdir. Bundan əlavə, süvari dəstələrin sayının artırılması və döyüş hazırlığının yüksəldilməsi də xanlığın hərbi potensialının artmasına səbəb olmuşdur.

Bu islahatlar nəticəsindəQuba xanlığının iqtisadi və hərbi qüdrəti güclənmiş, Fətəli xan regionda daha təsirli siyasi mövqeyə sahib olmuşdur.

Otuz illik silahlı və siyasi mübarizəsindən sonra Fətəli xan Azərbaycanın əsas xanlıqlarını birləşdirməyə nail oldu. Ayrı-ayrı sənədlər və onun müasirləri olan tarixçilər şahidlik verir ki, Fətəli xan hakimiyyəti saxlamaq üçün ilk növbədə güclü qoşun yaratmışdı. Müharibədə könüllülərdən, partizan dəstələrindən və birləşmiş nizami qoşun dəstələrindən daha çox istifadə olunurdu.

Ölümü

[redaktə |vikimətni redaktə et]
Fətəli xanın məzar daşı.Azərbaycan Tarixi Muzeyi

Fətəli xan ölümünə yaxınAzərbaycan torpaqlarının böyük bir hissəsini hakimiyyəti altında birləşdirə bildi. Bunun nəticəsində o, bütünAzərbaycanın işlərində aparıcı rol oynamağa başladı. Onun siyasəti beynəlxalq münasibətlərə də təsir göstərirdi. Belə bir şəraitdə Fətəli xanın vəfat etməsi o dövr tarixinin qaranlıq səhifələrindən biri olaraq qalmaqdadır.Abbasqulu ağa Bakıxanov yazırdı,".... Bütün istiqlal və ehtişam vasitəsinə malik olan Fətəli xan Azərbaycan və bəlkə də bütünİran işlərini intizama qoymaq xəyalı iləGürcüstan valisi İrakli xanla görüşüb məsləhətləşmək binasını qoydu. İrakli xan da öz dudmanlarından Sadıq bəy Yadigar oğlunu səfir sifətilə Fətəli xanın yanına göndərdi. Fətəli xan cah və cəlalla Nuxu şəhərinə getdi. Bir neçə gün qonaqlıq və şadlıqla keçirib Gəncəyə yola düşdü.Cavad xan,Şahverdi xan Ziyadoğlu ölkənin bütün əyanı ilə bərabərKür çayının kənarında onu pişvaz edib qalanın qapılarını üzünə açdı. Fətəli xan da Cavad xanın əlindən çıxmışŞəmşəddil mahalını Gürcüstan valisindən alıb ona verdi. Xülasə, yüksək mərtəbəli iki valiŞəmkir yaxınlığında bir-birilə görüşdülər.Rusiya dövlətindən himayə görmək ümidilə tədbirlər gördülər. Geri qayıtdığı zaman Fətəli xan şiddətli bir qızdırmaya tutuldu. Xəstəliyi gündən-günə şiddətləndi. Buna görə sürətlə Şirvana, buradan daBakıya, bacısının yanına getdi. Hicri 1203 (1789)-cu ildə mart ayının 22-də, 54 yaşında ikən vəfat etdi."

Fətəli xan Bakıda,Bibiheybət məscidində dəfn olunmuşdur. XX əsrin 30-cu illərində bu məscid partladıldı, lakin Fətəli xanın baş daşını oradan çıxarmaq mümkün oldu və hazırdaAzərbaycan Milli Tarix Muzeyində qorunub saxlanılır.[32][33]

Zəhərlənmə versiyası

[redaktə |vikimətni redaktə et]

Bəzi tədqiqatçılar, məsələn professorVaqif Arzumanlı Fətəli xanınII İrakli tərəfindən zəhərləndiyini iddia edirlər. Digər iddialara görə isə onu Gəncə hakimiCavad xan zəhərləmişdir.[mənbə göstərilməlidir]

Ailəsi

[redaktə |vikimətni redaktə et]

AtasıHüseynəli xan -Quba xanlığının V xanı.[34]

Anası Pəricahan Bikə -Qaytaq usmisi "Böyük" usmi Əhməd xanın qızı. 1734-cü ildəQuba xanıHüseynəli xanla ailə həyatı qurub.[34]

BacısıXədicə Bikə, 1739-cu ildə anadan olub. 1767-ci ildəII Bakı xanıMəlik Məhəmməd xan ilə ailə həyatı qurub. OğullarıII Mirzə Məhəmməd xan atasından sonra Bakı xanı olub.[34] Xədicə Bikə Azərbaycan elm tarixşünaslığının banisi, alim, mütəfəkkir və yazıçıAbbasqulu ağa Bakıxanovun nənəsidir. 1803-cü ildə vəfat edib və Bakıda dəfn edilib.

Fətəli xanın digər bacısı Fatimə Bikə, 1779-cu ildəŞirvan xanıMəhəmmədsəid xanın oğlu Məhəmmədrza bəylə ailə həyatı qurub.[35] Məhəmmədrza bəy, Fətəli xanın təyinatı ilə, 1785-1789-cu illərdəŞirvan xanı kimi fəaliyyət göstərib.

Fətəli xanın qardaşı Abdulla bəy, 1769–1770-ci illərdə Fətəli xan tərəfindənŞirvana xan (naib), daha sonra 1770–1772-ci illərdə isəBakıya xan (naib) təyin edilmişdir.[36]

Fətəli xanın bir neçə həyat yoldaşı olmuşdur, lakin qeyd olunur ki, onlardan yalnız ilk üçü qanuni idi:

  1. Tuti Bikə -Qaytaqlı usmiƏmir Həmzənin bacısı, dövlət xadimi. Bu nikahdan iki övladı olmuşdur:[34]
  2. Gülpəri xanım -İlisu sultanının qızı. Bu nikahdan:[34]
    • oğlu:Həsən xan -SalyanDərbənd bölgələrində müxtəlif dövrlərdə hakimiyyət sahibi olmuş dövlət xadimi. Azyaşlı Həsən xan 1796-cı ildə Rusiya himayəsi ilə Quba taxtına çıxarılsa da, yerli dəstəyin olmaması səbəbilə hakimiyyəti qoruya bilmədi.
    • qızı:Pəricahan xanım - 1775-ci ildə anadan olub. 1796-cı ildəDərbəndin süqutundan sonra ruslar tərəfindən şəhərə hakim təyin olunmuş, siyasi uzaqgörənliyi və idarəçilik bacarığı ilə tanınan nüfuzlu qadın dövlət xadimi.
  3. Səhərnas xanım - əsləndağ yəhudisidir.[37][38] Bu nikahdan:
  4. Bəyim xanım -Şəki xanıMəhəmmədhəsən xanın bacısıdır. Bu nikahdan övladları olmayıb.[34]
  5. Güldəstə xanım

Bəzi mənbələrdə qeyd olunur ki, xanın cariyədən Çimnaz və ya Əsməd[q 1] adlı qızları olmuşdur. Çimnaz, 1797-ci ildə bacısıPəricahan xanımın təşəbbüsü ilə,Şeyxəli xanın razılığı olmadanTabasaran qazisi Rüstəmin oğluAbdulla bəyə ərə verilmişdir. Sonralar Abdulla bəy və Şeyxəli xan arasında yaxın müttəfiqlik münasibətləri formalaşmışdır. 1826-cı ilin aprel ayının 27-dən 28-nə keçən gecə, Abdulla bəy ailə üzvləri ilə birlikdə keçmişQaytaq usmisi Adil xanın oğlu Xanməhəmməd bəy tərəfindən öz evində qətlə yetirilmişdir.[39]

Xatirəsi

[redaktə |vikimətni redaktə et]
"Fətəli xan" filmindən kadr.Ələsgər Ələkbərov Fətəli xan rolunda
  • XVIII əsr Azərbaycan şairiAğa Məsih Şirvani Fətəli xana həsr etdiyi “Şahnamə” poemasını yaratmışdır.[40]
  • Xalq arasında Fətəli xanın obrazı “Fətəli xan” adlı dastanda da əksini tapmışdır. Əsərdən aydın olur ki, Fətəli xanın dövründə (1738–1789) Quba xanlığı ciddi yüksəliş mərhələsi keçmiş, onun sərhədləri genişlənmiş və hərbi qüdrəti artmışdır.[41]
  • 1816-1818-ci illərdəHəştərxanda nəşr olunan musiqi jurnalında Fətəli xana həsr olunan Azərbaycan xalq mahnısının - "Dərbəndli Fətəli xanın mahnısı" nota yazısı dərc edilmişdir. Bu ilk dəfə nota alınmış Azərbaycan xalq mahnısı hesab edilir.[42]
  • 1945-ci ildə Azərbaycan SSR xalq rəssamıSəttar Bəhlulzadə tərəfindən "Qubalı Fətəli xanın portreti" adlı rəsm əsəri çəkilmişdir. ƏsərAzərbaycan Milli İncəsənət Muzeyində saxlanılır və ictimaiyyətin ziyarətinə açıqdır.[43]
  • 1947-ci ildə Bakı kinostudiyasında rejissorYefim Dziqan tərəfindən Quba xanının həyatına həsr olunmuş “Fətəli xan” filmi çəkilmişdir.[44]
  • Fətəli xanın abidəsinin ucaldılması haqqındaAzərbaycan SSR Nazirlər Sovetinin sərəncamı vardır.[6]
  • Quba şəhərinin"Qırmızı qəsəbə"nin mərkəzi küçələrindən biri Fətəli xanın adını daşıyır.

Şəxsi həyatı və haqqında fikirlər

[redaktə |vikimətni redaktə et]

Fətəli xanşiə məzhəbinə mənsubmüsəlman idi. O, özünü şiə kimi təqdim etsə də,sünnilərə də eyni hörmətlə yanaşırdı və məzhəb ayrı-seçkiliyinə yol vermirdi. Müasirləri qeyd edirlər ki, o, “şiə olduğunu bildirirdi, lakin sünniləri də şiələr qədər sevirdi”.[mənbə göstərilməlidir]

O, Azərbaycan ədəbiyyatını və beynəlxalq hüquqa bələd idi.Azərbaycanca,ruscafarsca danışa bilirdi, eləcə də Dağıstanın müxtəlif dialektlərini bilirdi. Qeyd olunur ki, onun ədəbi yaradıcılığına aid bəzi şeirləri günümüzədək gəlib çatmışdır.

Müasirləri Fətəli xanı mahir və istedadlı dövlət xadimi kimi xarakterizə edirlər. Görkəmli tarixçiAbbasqulu ağa Bakıxanov yazır ki, Fətəli xan öz ağlı, səxavəti və bacarığı nəticəsində yüksəlmişdi. O, hakimiyyət başına keçəndən sonra ağıllı və çalışqan hakim olduğunu göstərdi; bütün ətrafindakı adamları özünə cəlb etdi, düşmənlərinin fəaliyyətini zəiflətdi və ən çətin vəziyyətdən çıxa bildi.

".... Fətəli xan tədbirli, mərhəmətli, əzmində sabitqədəm, məmləkəti idarə etmək işlərində mahir bir adam idi. O, könülləri ələ almaq və düşməni aldatmaqda xüsusi bir məharətə malik idi....
"
" O geniş zəkaya malik, hiyləgər, cəsur, təşəbbüskar, şöhrətpərəst, uzaqgörən və daim yorulmaz bir şəxs idi. Şirvanı itaət altına aldıqdan sonra Quba kimi münbit xanlığın əhalisini və dolayısıyla gəlirlərini artırdı, burada Dərbənd xanlığından da bir neçə tayfanı məskunlaşdırdı. Belə xarakterə sahib olan Fətəli xan 1768-ci ildə daha geniş planlar quraraq Şamaxı xanlığına yürüş etdi. Onun məqsədi təkcə Şirvan və Qarabağa sahib olmaq deyil, həm də bütün İranı idarə etmək idi....[45]
"
".... Bu mərd adamın zəkası, uzaqgörənliyi, igidliyi, habelə hərbi və siyasi istedadı haqqında danışmağı artıq hesab edirəm. Çünki bütün bu məziyyətləri onun tərcümeyi-halından görmək olar. Bununla belə əlavə etməliyəm ki, o, mehriban və ədalətli bir şəxs idi, özünə tabe olanların qayğısına qalar, hətta tanıdığı adamların ailə işlərinə belə qarışaraq onların ev məişətinin sakitliyi ilə nəşələnmələrini arzulayırdı. İnsanların həyatını əlində oyuncaq etməz, səxavətli olduğu kimi, qənaətkar idi. Onun zahiri qiyafəsi, rəftarı hər kəsdə ona qarşı qeyri-iradi ehtiram hissi oyadardı. O, vaxtını məclis qurub xoş keçirməyi sevərdi. Hərdən bir belə məclislərdə olduqca ciddi işlər haqqında əmrlər verər və bununla da orada olanların təəccübünə səbəb olardı. O, sağlam, olduqca dolu və gözəl simalı bir adam idi....
"
"Quba hökmdarı Fətəli xanın XVIII əsrin 60-80–ci illərində Azərbaycanın tarixi torpaqlarını birləşdirmə siyasəti məhz Rusiya imperiyasının maraqlarına uyğun gəlmədiyi üçün müsbət nəticələnmədi. XVIII əsrin II yarısında Osmanlı imperiyası ilə müharibə vəziyyətində olan Rusiya qonşuluğunda yeni, qüdrətli türk dövlətinin yaranması faktı ilə barışa bilmirdi. Fətəli xanın siyasi fəaliyyətinə aid olunan məxəzlərin oyrənilməsi və təhlili onu bizə nəinki Azərbaycan xalqının, eləcə də Qafqaz xalqlarının tarixində incə diplomat və müdrik dövlət xadimi kimi təqdim etməyə əsas verir. Dövrün siyasi gerçəklərini dərindən dərk edən Fətəli xan siyasi rəqiblərini aradan götürmək və yaratdığı Şimal-Şərqi Azərbaycan siyasi birliyini daha da genişləndirmək məqsədilə ən böyük təhlükə mənbəyi olan Rusiyanın siyasi dəstəyini qazanmaq üçün bu ölkəyə münasibətdə diplomatik manevr siyasəti yürütmüşdür.[46]
Yevgeni Zevakin
"

Qeydlər

[redaktə |vikimətni redaktə et]
  1. Mənbələrdə xanın bu adlı qızının mövcudluğu barədə qeydlər yer alsa da, bu fakt tam dəqiqliklə təsdiqlənməmişdir. Bəzi məlumatlara əsasən, o, cariyədən (naməlum qadından) doğulmuş ola bilər. Lakin mötəbər tarixi sənədlərdə onun həyatı və taleyi barədə konkret məlumat yoxdur, buna görə də onun real mövcudluğu mübahisəli sayılır.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. "A.A. - Bakıxanov. Gülüstani İrəm. Dördüncü fəsil.Səfəvilərin taxta çıxmasından Nadir şahın ölümünə kimi. s. 62"(PDF).4 dekabr 2011 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:7 sentyabr 2018.
  2. .Валуев П. Н. Фатали-хан Кубинский / ред. И. П. Петрушевский. — Баку: Изд-во АзФАН, 1942. — С. 10-11.
  3. 12Акты, собранные Кавказской археографической комиссией. Тифлис VI, ч.II. 1875. səh. 907.
  4. А.А.Бакиханов Гюлистани -и Ирам Издательство "Ельм", Баку -1991. səh.169
  5. -Левиатов, 1948, с. 153[ölü keçid]
  6. 12"Quba rayonunda Fətəli xanın abidəsinin ucaldılması haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 3 yanvar 1991-ci il tarixli, 3 nömrəliQərarı[ölü keçid]  (az.)
  7. Родословная таблица Кубинских ханов // Акты, собранные Кавказской археографической комиссией. — Тифлис, 1875. — Т. VI, ч.II. — С. 907.
  8. Искандер-бек Гаджинский. Жизнь Фатали-хана Кубинского // Газ. «Кавказ». 1847. № 48-49.
  9. 12А.А.Бакиханов Гюлистани -и Ирам Издательство "Ельм", Баку -1991. səh.123
  10. Bayramova, 2009. səh. 45-46
  11. Bayramova, 2009. səh. 46
  12. Mustafazadə, 2005. səh. 103
  13. Mustafazadə, 2005. səh. 88
  14. Mustafazadə, 2005. səh. 155
  15. Mustafazadə, 2005. səh. 114
  16. Абдуллаев, 1965. səh. 141
  17. 12Mustafazadə, 2005. səh. 117
  18. S.Əliyarlının redaksiyası ilə.Azərbaycan tarixi. Bakı: "Elm". 1993. 191.
  19. Mustafazadə, 2005. səh. 139-141
  20. Mustafazadə, 2005. səh. 166-167
  21. Левиатов, 1948. səh. 144
  22. Mustafazadə, 2005. səh. 155
  23. Mustafazadə, 2005. səh. 117-118
  24. Абдуллаев, 1965. səh. 516
  25. Абдуллаев, 1965. səh. 521
  26. Абдуллаев, 1965. səh. 510
  27. Абдуллаев, 1965. səh. 521
  28. Абдуллаев, 1965. səh. 525
  29. Абдуллаев, 1965. səh. 524
  30. Абдуллаев, 1965. səh. 531
  31. Nəcəfli, 2002. səh. 45
  32. Süleyman Əliyarlı.Azərbaycan tarixi. Bakı: Çıraq. 2009. səh. 531-532.
  33. Левиатов, 1948. səh. 153
  34. 123456Родословная таблица Кубинских ханов // Акты, собранные Кавказской археографической комиссией. — Тифлис, 1875. — Т. VI, ч.II. — С. 907.
  35. Родословная таблица Ширванских ханов // Акты, собранные Кавказской археографической комиссией. — Тифлис, 1873. — Т. V. — С. 1109.
  36. Mustafazadə, 2005. səh. 108
  37. "Varvara İvanovna Qafqazda olarkən Şeyx Əli Xan haqqında nələr yazmışdı?". Dzen.ru. Quba Xanlığı.
  38. Бакунина, Варвара Ивановна."Персидский поход в 1796 году". az.lib.ru. 23.05.2017.2023-04-29 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2025-07-24.
  39. "157. Рапорт ген.-м. фон-Краббе ген. Ермолову, от 22-го мая 1826 года, № 18. — Тарку". Восточная Литература.
  40. Большая советская энциклопедия. — 2. — Государственное научное издательство, 1950. — Т. 1. — С. 286—287.
  41. Nəbiyev, Azad.“Azərbaycan xalq ədəbiyyatı”, II hissə (orta əsr və yeni dövr folklor yaradıcılığı)(PDF)(az.).Bakı: Elm nəşriyyatı. 2006. 572–573.ISBN 5-8066-1336-4.11 iyul 2024 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:13 iyun 2025. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  42. Kərimi, Siyavuş. Dadaşova, Elnarə (redaktor).Azərbaycan xalq mahnıları(PDF)(az.). I cild. Bakı: "Öndər nəşriyyat". 2005. 4.ISBN 9952-416-75-9.
  43. "Muzeydə rəssam Səttar Bəhlulzadəyə aid materiallar qorunur". Milli Azərbaycan Tarixi Muzeyi. 15 dekabr 2021.
  44. Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898-2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003.
  45. Валуев П. Н. Фатали-хан Кубинский / ред. И. П. Петрушевский. — Баку: Изд-во АзФАН, 1942. — С. 6—7.
  46. İbişov, Salman.Quba xanlığı: əhali tarixi və azadlıq mücadiləsi(PDF)(az.). Bakı: Elm. 2012. 40-41 (ikinci hissədə).ISBN 978-9952-453-43-0.6 aprel 2023 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:1 avqust 2025.

Ədəbiyyat

[redaktə |vikimətni redaktə et]

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
⛭
Fəaliyyəti
Ailəsi
Mədəni irsdə
Memarlıq irsi və iqamətgahları
⛭
Bakı xanlığı
Cavad xanlığı
Ərdəbil xanlığı
Gəncə xanlığı
İrəvan xanlığı
Maku xanlığı
Marağa xanlığı
Naxçıvan xanlığı
Quba xanlığı
Qarabağ xanlığı
Qaradağ xanlığı
Şirvan xanlığı
Sərab xanlığı
Şəki xanlığı
Talış xanlığı
Təbriz xanlığı
Urmiya xanlığı
Xalxal xanlığı
Xoy xanlığı
Zəncan xanlığı
Qəzvin xanlığı
Mərənd xanlığı
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Fətəli_xan_(Quba_xanı)&oldid=8356956"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp